Ağdam

Ağdam cümə məscidi

Abidənin tarixi: 1868
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli
Abidənin inventar nömrəsi: 202
Abidənin ünvanı: Ağdam şəhəri

Cümə məscidi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır.

Bölgə mühüm ticarət mərkəzinə çevrildiyi zaman Ağdam şəhərində Qarabağın XIX əsr dini memarlığının monumental örnəklərindən biri inşa edilmişdir. Ağdamın cümə məscidi olan bu abidəni 1868-1870-ci illərdə bu dövr Qarabağ memarlığının aparıcı sənətkarı memar Kərbəlayi Səfi Xan Qarabaği ucaltmışdır.

Ağdam cümə məscidinin ibadət salonunun planının əsasını ortasında dörd sütun olan ənənəvi kvadrat forma təşkil edir. Kvadratın şərq və qərb tərəflərinin hər birində qurulmuş üç dərin taxça sırası salonun sahəsini genişləndirərək ona düzbucaqlı forma vermişdir. İbadət salonunun cənub divarının ortasında uca mehrab taxçası quraşdırılmışdır.

 Yan taxçaların üstü interyerə yönələn eyvan şəklində olub qadınların ibadəti üçün nəzərdə tutulmuşdur. İbadət salonu yan eyvanların ortalarında və mehrab taxçasının yanlarında olan pəncərələrdən işıqlanır. İbadət salonunun interyer tərtibatı çox ciddi olub kamil tektonik quruluşun bədii effekti ilə diqqəti cəlb edir. Sadə bəzəkli mehrab taxçasının üzərindəki kitabədə dekor ustasının adı (mərhum Kərbəlayi Nəqqaş Təbrizinin oğlu ustad Məhəmməd NəqqaşTəbrizi) və təmir tarixi (hicri 1331, miladi 1913-cu il) yazılmışdır.

Məscid Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən bir müddət sonra yandırılmış, daxili və xarici divarları üzərində müxtəlif ifadələr və sözlər yazılmışdır. Bir müddət məscidin ibadət zalında və yardımçı otaqlarında mal-qara və donuz saxlanılmışdır.

Dini ibadət məkanına qarşı həyata keçirilmiş bu vandal münasibət Ermənistan Respublikasının bəşəri dəyərlərə hörmətsiz yanaşdığını bir daha göstərir.