Məramımız
Mədəni irs hər bir cəmiyyətin və ya millətin keçmişinə aid maddi və mənəvi ünsürləri özündə birləşdirən, milli azlığın maddi və qeyri-maddi mədəni irs nümunələrini əks etdirən mədəni sərvətlərin məcmusu olaraq həmin cəmiyyətin hazırkı özünəməxsusluğunu ehtiva edən və bunu gələcək nəsillərə ötürə biləcək vasitədir.
Müxtəlif dinlərin, mədəniyyətlərin daşıyıcısı olan xalqlar bəşəriyyətin əsas dəyəri olmaqla dünyamızın rəngarəngliyini təmin edirlər. Hər xalq öz zəngin adət-ənənələrini, mədəniyyətini, folklorunu, elmi-texniki nailiyyətlərini, bir sözlə milli-mədəni irslərini təqdim etməklə dünyanı daha da zənginləşdirir və bu zənginlik üzərində qlobal inkişaf təmin olunur. Hər hansı bir dövlətin ərazisində olan mədəni irs obyektlərinin məhv edilməsi ilə eyni zamanda ümumdünya mədəni irsi zərər görür.
Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün uğurlu hərbi əməliyyatlar həyata keçirmiş, 30 ilə yaxın düşmən tapdağında olan ərazilərimiz həqiqi sahibinə geri qaytarılmışdır.
“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili” haqqında Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanının 7.8-ci bəndinin icrası üçün Dövlət Xidmətinin əməkdaşları işğaldan azad olunmuş rayonlara ezam edilmiş və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi ilə bağlı vəzifələrin yerinə yetirilməsinə başlanılmışdır.
İşğaldan azad olunmuş ərazilərdə aparılan monitorinqlər zamanı tarix və mədəniyyət abidələrinin əksəriyyətinin məhv edildiyi, tarixi-memarlıq və dini təyinatından kənar istifadə olunduğu müəyyən edilmişdir.
1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya"ya əsasən, işğalçı dövlət mədəni sərvətlərin oğurlanmasına, dağılmasına və ya zədələnməsinə, talan edilməsinə, qeyri-qanuni mənimsənilməsi hərəkətlərinə yol verməməli, bu sərvətlərə qarşı yönəlmiş düşmənçilik hərəkətlərindən çəkinməlidirlər. Həmçinin sənəddə mədəni sərvətlərə münasibətdə hər hansı vandalizm hərəkətlərinin qadağan edilməsi, qarşısının alınması və aradan qaldırılması ilə bağlı öhdəliklər də müəyyən edilmişdir.
Həmçinin Ermənistan Respublikasının işğalı "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il yanvarın 16-da qəbul olunmuş Avropa Konvensiyasının və Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiyanın müddəalarının pozulmasına səbəb olmuşdur. Ermənistan tərəfi bu konvensiyalara zidd olaraq, ölkəmizin milli qanunvericiliyində mədəni irs barəsində nəzərdə tutulan hüquqları pozaraq, mədəni və təbii irsə birbaşa, yaxud dolayısı ilə xələl gətirə bilən hərəkətin edilməməsi ilə bağlı müəyyən edilmiş öhdəliyə əməl etməmişdir.
Beynəlxalq Cinayət Məhkəməsinin Romada qəbul etdiyi sənədə əsasən dini, təhsil, incəsənət və elm idarələrinin, tarixi abidələrin, incəsənət və elm əsərlərinin qəsb edilməsi, dağıdılması və ya onlara qəsdən ziyan vurulması müharibə cinayəti hesab olunur.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 116-cı maddəsinə əsasən aşağada göstərilən hallar silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulmasıdır:
- hərbi zərurət olmadan qəsdən mədəni sərvəti, o cümlədən gücləndirilmiş mühafizə altında olan mədəni sərvəti hücum obyektinə çevirmə, yaxud gücləndirilmiş mühafizə altında olan mədəni sərvətdən və ya ona bilavasitə bitişik ərazilərdən hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə etmə;
- mədəni sərvəti qəsdən böyük həcmdə dağıtma və ya mənimsəmə, yaxud mədəni sərvətə münasibətdə oğurluq, soyğunçuluq, qanunsuz mənimsəmə və ya vandalizm aktları törətmə;
- mədəni sərvəti işğal edilmiş ərazidən qanunsuz çıxarma, yaxud həmin ərazidə olan mədəni sərvətə mülkiyyət hüququnu başqasına vermə və ya ona xitam vermə;
- işğal edilmiş ərazidə hər hansı arxeoloji qazıntı aparma; mədəni sərvətin mədəni, tarixi və ya elmi xarakterini gizlətmək və ya məhv etmək məqsədi ilə onu modifikasiya etmə və ya ondan istifadə növünü dəyişdirmə.
Bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan Azərbaycan mədəni irsinin qorunması, xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problem olaraq qalmaqdadır. Bu baxımdan Azərbaycanın işğal olunmuş ərazilərində tarix-mədəniyyət abidələrinin dağıdılması, mənimsənilməsi, qəsdən başqa quruluşa salınması yuxarıda adları sadalanan beynəlxalq hüquqi aktlara və yerli qanunvericiliyə ziddir.
Bu saytın yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərdə yerləşən abidələrin cari və işğaldan əvvəlki dövrdəki vəziyyətini yerli və xarici istifadəçilərə nümayiş etdirilməsindən ibarətdir.
Saytda istifadə olunan cari və arxiv fotoşəkilləri və məlumatlar Mədəniyyət Nazirliyinin arxivindən, habelə yerli sakinlər və ziyalılardan əldə edilmişdir. Bununla yanaşı saytda yerli sakinlərdə və tədqiqatçılarda olan məlumatların və arxiv fotoşəkillərinin təqdim edilməsi üçün imkan da yaradılmışdır. Bu imkanla hansı abidə barədə məlumata malik şəxs müraciət yolu ilə saytda olan materialların zənginləşməsinə öz töhfəsini verə bilər.