Xocavənd
Azıx mağara düşərgəsi
Abidənin tarixi: | Paleolit dövrü |
Abidənin əhəmiyyət dərəcəsi: | Dünya əhəmiyyətli |
Abidənin inventar nömrəsi: | 22 |
Abidənin ünvanı: | Azıx kəndi |
Azərbaycanın əlverişli təbii-coğrafi mövqeyi qədim daş dövründə insanların burada məskən salmasına şərait yaratmışdır.
Xocavənd rayonunda yerləşən Azıx mağara düşərgəsi dünyada mövcud olan ən qədim insan məskənlərindən hesab olunur. Qeyd olunan mağara düşərgəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə dünya əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınmışdır.
XX əsrin 60-cı illərindən başlayaraq professor Məmmədəli Hüseynovun rəhbərliyi altında aparılmış arxeoloji-tədqiqat işləri zamanı Quruçayın sol sahilində Azıx və Tağlar mağara düşərgələri aşkar edilmişdir. Aparılan tədqiqat işləri nəticəsində Paleolit, Mezolit, Neolit, Eneolit, Tunc, Dəmir dövrlərinə və Orta əsrlərə aid çoxtəbəqəli maddi-mədəniyyət nümunələri, fauna qalıqları tapılmış və xalqımızın qədim tarixinin arxeoloji mənbələr əsasında öyrənilməsinə zəmin yaranmışdır.
1960-cı ildə Azıx mağarasında başlanan araşdırmalar 1974-cü ilədək davam etdirilmiş və Azərbaycanın qədim daş dövrünü öyrənmək üçün olduqca əhəmiyyətli olan maddi-mədəniyyət qalıqları aşkar edilmişdir. 1968-ci ildə Aşel dövrü təbəqəsindən Azıx adamı - “azıxantrop” adlandırılan insanın alt çənə sümüyü, 1974-cü ildə isə insan fəaliyyətinin erkən mərhələsinə aid olan, Olduvay mədəniyyəti ilə müəyyən ümumi xüsusiyyətlərə malik Quruçay mədəniyyəti aşkar olunmuşdur.
Paleolit dövrünə aid qədim insanların yaşadığı düşərgələrə dünyanın bir çox yerlərində rast gəlinsə də, çoxtəbəqəli Azıx mağarası təbəqələrin ardıcıl yerləşməsinə görə nadir abidələrdən biridir. Azıx mağarasının yeganə bənzəri hələlik Olduvay abidəsidir. Elə buna görə də Azıx mağarasından aşkar edilmiş yaşı 1-1.5 milyon il olan əmək alətlərinin tipoloji təsnifatında və adlandırılmasında М.Hüseynov Olduvay abidəsindən aşkar edilmiş bənzər alətlərin adından istifadə etmişdir.
Aparılan elmi-tədqiqat və arxeoloji qazıntı işləri nəticəsində mağara düşərgəsindən minlərlə daş məmulatının və qədim insanlara aid maddi-mədəniyyət nümunəsinin aşkar olunması ölkəmizin bəşər mədəniyyətinin ilk yaşayış məskənlərindən biri olduğunu sübut edir.