Xocalı

Əsgəran qalası

Abidənin tarixi: XVIII əsr
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli
Abidənin inventar nömrəsi: 263
Abidənin ünvanı: Əsgəran qəsəbəsi

"Əsgəran qalası" adı ilə tanınan bu səddi XVIII əsrdə Pənahəli xan öz xanlığının şərq sərhədində tikdirmişdir. Dərbənd səddi Şirvanın şimal qapısı idisə, Əsgəran səddi də Qarabağ xanlığının şərq qapısı idi.

Əsgəran qalası Şuşanın təxminən 24, Xocalının 5 kilometrliyində və Ağdam şəhərinin 12 km cənubunda Qarqarçayın sağ və sol sahillərində dağ döşündə yerləşir. Burada dağlar eni təqribən 500 m-ə çatan çayın vadisinə və qalanın divarları ilə əhatələnən böyük olmayan dərəyə yaxınlaşır. 

Qalanın salınması Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəli olub, Qarqarçay vadisini qapayaraq yalnız çay tərəfdən kiçik keçid yaratmaq məqsədini güdürdü. Əsgəran qalası çayın hər iki sahili boyunca sağ və sol sahilində tikilmişdir. Qalanın sağ sahil (şərqi) istehkamı bürclərlə möhkəmləndirilmiş, ikiqat daş divarlarından ibarətdir. Bütün bürclər ikimərtəbəli olub, bir-birləriylə ikimərtəbəli qala dəhlizləri ilə birləşdirilmişdir. Relyefə uyğun olaraq dəhliz bir bürcün birinci mərtəbəsini digər bürcün ikinci mərtəbəsi ilə birləşdirir. 

Dağ keçidindən müdafiə olunan kənar şərq bürc xüsusi formalı otaqların yaratdığı kompleksindən ibarətdir. Qalanın sol sahil hissəsi (qərb) isə bir müdafiə halqasında birləşən düzbucaqlı trapesiya şəkilli istehkamlardan ibarətdir. Burada relyef nəzərə alınmaqla inşa olunmuş qala divarları altı bürclə möhkəmləndirilmişdir. Qarqar çayından başlayaraq dağa doğru uzanan qala divarları qala həyətini əmələ gətirir.