Ağdam
Gavurqala yaşayış yeri
Abidənin tarixi: | İlk orta əsrlər |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli |
Abidənin inventar nömrəsi: | 625 |
Abidənin ünvanı: | Boyəhmədli kəndinin cənubu |
Ağdam rayonu, Boyəhmədli kəndinin cənubunda yerləşən Gavurqala yaşayış yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınmışdır.
Yaşayış yerində ilk arxeoloji tədqiqatlar 1958-ci ildə aparılmışdır. Qazıntılar nəticəsində ərazidə III-V əsrlərdən başlayaraq X-XI yüzilliyə qədər yaşayışı özündə əks etdirən 4 metr qalınlığında mədəni təbəqə üzə çıxarılmışdır. Yaşayış yerində əsas inşaat materialı kimi daşdan, bişmiş və çiy kərpicdən, kirəmitdən istifadə edilmişdir. Binalar yüksək sənətkarlıqla tikilmişdir.
Gavurqalada həmçinin bir neçə yaşayış binasının qalıqları da üzə çıxarılmışdır. Dördkünc formalı bu binaların bünövrəsi çay daşından, üst hissəsi isə ağ daşdan hörülmüşdür.
Bu məbəd iri çiy kərpiclərdən hörülmüş bir neçə otaqdan və ümumi sahəsi təxminən 210 kv. metr olan salondan ibarətdir. Kompleksin divarlarının qalınlığı 2,1 metrdir. Onun eyvanında daşdan yonulmuş gözəl sütunaltlıqları vardır. Gavurqaladan toxuculuq, dulusçuluq, zərgərlik və şüşə istehsalına dair xeyli material toplanmışdır. Lakin Gavurqalanı digər həmdövr abidələrindən fərqləndirən burada xırda-nəfis sənətkarlığın və toxuculuğun geniş yayılmasıdır. Axtarışlar zamanı zərgərliyə və toxuculuğa dair əmək alətləri kolleksiyası toplanmışdır.
Gavurqala sakinləri Yaxın Şərqin bir sıra ölkələri ilə mədəni və iqtisadi əlaqədə olmuşdur. Belə ki, qazıntılar zamanı Suriyadan gətirilmiş şüşə qablar, Bizans imperatorları adından zərb edilmiş pullar, İran mənşəli bəzək əşyaları və sair aşkar olunmuşdur.
Erkən orta əsrlərdə Gavurqalaya Dərəarası deyilən yerdəki bulaqdan tünglərlə içmək üçün su kəməri, Qabartı çayından isə təsərrüfat əhəmiyyətli su arxı çəkilmişdir.
Tədqiqatçılar Gavurqalanın əsl adı barəsində müxtəlif fikirlər söyləmişlər. Bu abidənin yeri hökmdar nəslinə məxsus qəbiristanlığın burada yerləşməsi və dolayı da olsa bəzi mənbə məlumatları buranı alban hökmdarlarının yay iqamətgahı kimi şöhrət qazanmış Aluen şəhərinin qalıqları olmasını iddia etməyə əsas vermişdir. Aluen şəhəri orta əsrlərdə Bərdədən Dəbilə (Dvinə) gedən ticarət yolunun üstündə yerləşmişdir. Həmin yolun izlərinə indi də təsadüf edilir. Bu yol üstündə ilk şəhər tipli yaşayış yeri də məhz Gavurqaladır. Rəşid Göyüşov qeyd edir ki, sadalanan bütün keyfiyyətlər Gavurqalanı Qafqaz Albaniyasının dini istiqamətdə inkişaf etmiş ən möhtəşəm yaşayış məskənləri sırasında daxil etməyə imkan verir.