Kəlbəcər

Gəncəsər monastrı

Abidənin tarixi: XIII əsr
Abidənin əhəmiyyət dərəcəsi: Dünya əhəmiyyətli
Abidənin inventar nömrəsi: 10
Abidənin ünvanı: Vəngli kəndi

Elmi ədəbiyyatda Xəzinədağ məbədi kimi yazılsa da, Gəncəsər adı ilə tanınan abidə Kəlbəcər rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşir. Məbəd XIII əsr xristian alban monastırıdır və XIX əsrə qədər Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olmuşdur. Albaniya Katolikosluğunun iqamətgahı olan bu kilsə Albaniyanın tarixində mühüm rol oynamışdır. Gəncəsər monastırı digər Alban abidələrindən öz layihəsinin mükəmməlliyi və mürəkkəbliyi ilə seçilir. Kompleks kilsə, dəhliz, ictimai xidmət və yaşayış otaqları qrupundan ibarətdir. Monastır cənub və qərb tərəflərində iki qapısı olan qala divarları ilə əhatə olunmuşdur. Kompleksin əsas tikilisi kilsə idi və məbədin divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Cəlal Dövlə və anası Xorişə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir. Kilsə xaçvari-günbəzli kvadrat formalı olub, səliqəli kəsmə daşlardan tikilmişdir.

Xaçvari planlı ibadət salonunun şərq çıxıntısını yarımdairəvi altar absidi təşkil edir. Salonun mərkəzi hissəsini hündür barabanlı günbəz örtür. Barabandakı 4 iri və 4 kiçik pəncərə ibadət salonunun interyerini yaxşı işıqlandırır. Məbədin divarları həm iç, həm də çöl tərəfdən səliqəli kəsilmiş kirəmit plitələrlə örtülmüşdür. Kilsənin xaçvari planı ənənəvi olaraq onun həcm kompozisiyasına da çıxarılmış, mərkəzi hissəsi hündür günbəzlə nəzərə çarpdırılmışdır. Küncdəki mehrabın üstündə hündür zəng qülləsi qaldırılmışdı. 16 üzlü zəng heykəltəraşlıq təsvirləri – mifoloji simvollarla, oyma naxışlar, qabartmalarla bəzədilmiş və çeşidli daşlarla naxışlanmış, günbəzin çətir formalı damı ilə tamamlanmışdır. Kilsənin ön hissəsi tağ sırası ilə bəzədilmişdir. Kilsənin qərb çatısındakı iri xaçda İsanın çarmıxa çəkilmiş fiquru Turani tipdə, monqol hörükləri ilə təsvir olunmuş, onun yanlarında, başlarında türk-monqol papaqları olan apostol fiqurları qoyulmuşdur. Bu heykəl kompozisiyası tədqiqatçıların fikrinə görə, Elxanilər dövrünə aiddir.

Gəncəsər kilsəsi Azərbaycanın xristian memarlığı ənənələri əsasında tikilmişdir. Bu dəyərli abidənin inşaatı və memarlıq həllində Səlcuqlar və xüsusilə Elxanilər mühitinin böyük təsiri olmuşdur. Memarlıq dekorunda heykəllərin tipoloji mənsubiyyəti, türk mifologiyasından gəlmə heyvan və quş fiqurlarının işlədilməsi, eləcə də oyma naxışlarda Şərqi Türküstan motivlərinin olması Gəncəsər kilsəsinin Həsən Cəlalın ölümündən sonra tamamlandığını sübut edir. 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlalı oğlu knyaz Atabəy gətirib Gəncəsər məbədində dəfn etmişdir. Eyni zamanda bu sülalənin bəzi üzvləri, alban din xadimləri də burada dəfn edilmişlər. Bu kilsə tədqiqatçıları fikrincə, yarımdairəvi apsidalı, xaçvari-günbəzli kilsələrin Qafqaz ərazisində ən kamil örnəyidir.

Kilsəyə qərb tərəfdən kvadrat planlı sütunsuz iri salon birləşdirilmişdir. Onun örtük konstruksiyasının əsasını bir-biri ilə kəsişən iki cüt perpendikulyar tağ-nervyurlar təşkil edir. Onların kəsişməsindən mərkəzdə alınan kvadratdan stalaktitlərlə dairəyə keçən bacanın üstündə səkkizsütunlu yüngül rotonda qurulub. Salon örtüyünün kompozisiya özəyi bu bacanın iç hissəsinə qeyri-adi bədiilik verən mürəkkəb və incə stalaktit quruluşudur.