Füzuli

Günəştəpə yaşayış yeri

Abidənin tarixi: e.ə. I və II minilliklər
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli
Abidənin inventar nömrəsi: 965
Abidənin ünvanı: Köndələn çayın sağ sahilində

Günəştəpə yaşayış yeri Füzuli şəhəri yaxınlığında, Köndələnçayın sağ sahilində yerləşir. Abidənin İlk Tunc dövrünə aid mədəni təbəqəsinin qalınlığı 2 metrdir. Bu təbəqədə qaya parçaları və çay daşlarından tikilmiş, gil məhlulu ilə bərkidilmiş dairəvi formalı yaşayış binasının qalıqları aşkar olunmuşdur. Binanın diametri 7 metrdir. Divarların ətrafında xeyli suvaq və çiy kərpic parçalarının qeydə alınması divarların daş təməl üzərində çiy kərpicdən tikildiyini göstərir.

Qazıntılar zamanı daş və sümükdən hazırlanmış əmək alətləri, Kür-Araz mədəniyyəti üçün xarakterik olan qara cilalı gil qab parçaları əldə edilmişdir. Arxeoloji qazıntılar Günəştəpə yaşayış yerinin İlk Tunc dövrünün yalnız müəyyən mərhələsində mövcud olduğunu göstərir.