Füzuli

Karvansara

Abidənin tarixi: XVII əsr
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli
Abidənin inventar nömrəsi: 214
Abidənin ünvanı: Qarğabazar kəndi

Karvansara 1681-ci ildə Füzuli şəhərindən 8 kilometr cənubda yerləşən Qarğabazar kəndinin mərkəzində, çox da hündür olmayan bir təpənin yamacında inşa olunmuşdur. Karvansara tikilisinin eni 23,7 metr, uzunluğu isə 34,7 metrdir. Qarğabazar kəndində tikildiyi üçün o, Qarğabazar karvansarası adı ilə tanınır. Bu tarixi abidəyə bəzən Şah Abbas karvansarası da deyirlər. Onun memarı məlum deyil.

XVII əsrdə əsas kütləsi yonulmamış daşdan tikilmiş karvansara planda bir küncü kəsilmiş uzunsov düzbucaqlı formadadır. Onun uzun tərəflərini başdan-başa tağbəndlə örtülü iki iri yerləşmə tutur. Görünür, bu uzun yerləşmələr karvan heyvanları üçün nəzərdə tutulub. Ensiz cənub tərəfdə iriölçülü baştağ və ona yanlardan bitişik iki otaq giriş qrupunu təşkil edir. Karvansaranın əsas yaşayış otaqları girişlə üzbəüz, uzun heyətin ensiz şimal tərəfindədir. Bu otaqların əhəmiyyəti onların relyefin hündür yerində tikilməsində də özünü göstərir. Funksiyalarına və relyefə uyğun olaraq həmin otaqların önündə iki hündür səki düzəldilmişdir. Otaqların qapılarının açıldığı üst səki üçtağlı monumental eyvan kimi həll edilmişdir. Bu hissədə tağlar və tağ sütunları, eləcə də qonaq otaqları yonulmuş daşdan tikilmişdir. Bütün otaqlar və yerləşmələr bayırdan içəriyə doğru genişlənən kiçik pəncərələrlə işıqlandırılır. Qarğabazar karvansarası Azərbaycan mülki memarlığının yolüstü karvansara tipinin çox dəyərli bir örnəyidir.