Ağdam

Məbəd

Abidənin tarixi: VI-VIII əsrlər
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli
Abidənin inventar nömrəsi: 203
Abidənin ünvanı: Şahbulaq kəndi

Ağdam rayonunun Şahbulaq kəndində yerləşən məbəd Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır. Ağdərədən Xankəndinə gedən yolun sağ tərəfində, Xaçınçayın sahilindəki Beşikdaş dağında yerləşən məbəd bəzən “Beşikdaş kilsəsi” də adlanır. Məbəd xaç-günbəz formalı plana malikdir və memarlıq həlli baxımından Gədəbəy kilsəsi ilə oxşarlıq təşkil edir. Xaçın dörd kvadrat formalı tərəflərindən üçü daxildə yarımdairəvi formaya malikdir. Şərq-qərb oxu 10, şimal-qərb oxu isə 9.15 metr uzunluğa malikdir. Hündür pəncərə yerləşən qərb divarı istisna olmaqla, xaçın digər üç qolunda giriş qapıları yerləşir. Düzbucaqlı formaya malik qapı yerləri anker daşlarla işlənməklə divarla eyni hündürlüyə malikdir və onun pyedestalının bir hissəsi kimi qəbul edilir.

Bütün bina yonulmuş əhəng daşından hazırlanmış bir pilləkənli plint üzərində inşa edilmişdir. Onun günbəzini saxlayan dörd pilonu zalın ortasında dayanmır və divarlara birləşir. Onlar tağlarla birləşərək model zalın mərkəzi hissəsində günbəzaltı kvadrat formalaşdırırlar. Həmin kvadrat üzərində keramit damlı qübbə ucalır.

Beşikdaş kilsəsi ilk dəfə Z.Yampolski tərəfindən tədqiq edilmişdir. 1960-cı ildə nəşr edilmiş məqalədə Yamposlki məbədin Qafqaz Albaniyasının memarlığına aid olmasını qeyd edir. Abidənin  planını və şəkillərini nəşr edən Yamposlki abidəni erkən orta əsrlərə aid digər alban kilsələri ilə müqayisə edir.