Xocavənd
Məbəd, Tuğ kəndi
Abidənin tarixi: | XIII əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli |
Abidənin inventar nömrəsi: | 4320 |
Abidənin ünvanı: | Tuğ kəndi |
Xocavənd rayonunun Tuğ kəndində yerləşən məbəd Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır.
Müqəddəs İohan kilsəsi Tuğ kəndinin mərkəzində yerləşir. Kilsə memarlıq quruluşuna görə, daha çox bazilikaya bənzəyir. Bu kilsə maili ərazidə inşa edilmişdir. Qərb hissəsinin yarısı qayaya birləşmişdir. Şərqdən isə tam açıqdır və hətta bünövrəyə qədər görünə bilir. Cənub hissədən kilsə həyəti hasara alınmış və elə kilsəyə yeganə giriş də cənub hissədəndir. Kilsə həyətinin cənub-şərq küncündə dairəvi bürc vardır. Bu bürcdən bütün Tuğ kəndinə mənzərə açılır. Kilsə həyətinin cənub hissəsində isə ikimərtəbəli bina inşa edilmişdir. Bu binanın ikinci mərtəbəsinin qapısı həyətə açılır. Birinci mərtəbə isə yalnız küçə hissədən görünür.
M.Barxudaryana görə, binanın özü daha qədimdir və XIII əsrdə aiddir. Bu kilsənin də altında Müqəddəs Stepan kilsəsində olduğu kimi daha qədim tikilinin olması güman edilir. M.Barxudaryan vaxtı ilə bu kilsədə xaç daşı altlığında yazı da qeydə almışdı. Kitabədə belə yazılmışdır: “1185-ci ilin yayında (1736) Müqəddəs İohan kilsəsinin damını vardapet Qukasın oğulları Məlik Yeqan onun xatirəsinə bərpa edib. Kim oxuyursa, heç olmasa bir dəfə desin: Allah rəhmət eləsin”.
Ədəbiyyatlarda rast gəlinən məlumatlara görə, kilsənin cənub-şərq divarının yanında bütün məliklərin və onların qohumlarının məzar daşları yerləşdiyi dar və uzun bir ibadətgah da olmuşdur.
Lakin müasir dövrdə məzarların yerləşdiyi ibadətgahdan heç nə qalmamışdır. Kilsədə və onun ətrafında çoxsaylı və çox yaxşı işlənmiş daş piltəli qəbirlər vardır, onların birinin ornament elementləri çox zəngindir.