Xocavənd

Məbədi (Yeddi qapı monastırı)

Abidənin tarixi: IV-VI əsrlər
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli
Abidənin inventar nömrəsi: 231
Abidənin ünvanı: Susanlıq kəndi

Xocavənd rayonunun Susanlıq kəndində yerləşən Yeddi qapı monastırı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır. Yeddi qapı monastırı erkən orta əsrlərə aid alban monastırıdır. Monastır kompleksi üç böyük və bir neçə kiçik tikilidən ibarət olmuşdur ki, onlardan da dövrümüzə əsas kilsə binası qismən yaxşı vəziyyətdə çatmışdır. Elmi ədəbiyyatda həm də Möhrənis kilsəsi (Susanlıq kəndinin keçmiş adına uyğun olaraq) kimi tanınan bu kilsə qeyri-adi memarlıq quruluşu ilə digər mərkəzi günbəzli alban məbədlərindən fərqlənir.

Kompleksin əsas kilsə binasının quruluşuna görə Cənubi Qafqaz ölkələrinin memarlığında anoloqu yoxdur. Yerli əfsanəyə görə monastır kilsəsi ölkələrinin azadlığı uğrunda döyüşərək vəfat etmiş yeddi qardaşın tək bacısı tərəfindən inşa edilmişdir  Monastırın adının etimologiyası yeddi qardaşın adı və kilsənin yeddi apsidası (qapı yerləşən apsida nəzərə alınmamaqla) ilə əlaqəlidir.

Kilsənin inşa tarixi dəqiq məlum olmasa da onun memarlıq quruluşu, həcm-plan həlli və ornamentləri tikilinin erkən orta əsrlərə aid olması barədə qənaətə gəlməyə əsas verir.

Kilsənin günbəzaltı hissəsini dörd nalvari apsida və dörd niş əhatə edir. Apsidalar hər biri 2 metr enə və dərinliyə malikdirlər. Diaqonal nişlər isə 3/1 m ölçüyə malik olmaqla hər biri zalın mərkəzinə yönəlir. Nişlər sırf dekorativ xüsusiyyət daşımaqla kiçik otaqlara keçid və ya dəhliz funksiyasına malik deyildir. 

Ştepsel quruluşlu plana malik olan kilsə dörd böyük və eyni formalı dörd kiçik yarımdairəvi ləçək formalı hissədən ibarətdir. Apsida və nişlər bu tipli başqa abidələrdə rast gəlinməyən dairəvi pilyastrlarla bir-biri ilə əlaqələndirilir. Günbəzsaxlayan tağlardan yuxarıda saxlanmış hörgü qalıqlarına əsasən barabanın səkkizguşəli (səkkiz böyük, səkkiz kiçik guşə) formaya malik olması ehtimal edilir. Künc apsidalarının və üçdə-dörd ölçülü nişlərin kənar tağları səkkiz ədəd pilyastrın kapitellərinin üzərində dayanır. İki şərq pilyastrı özünəməxsus və heç yerdə təkrarı olmayan ornamental kəmərlə bəzədilmişdir. 

Kilsə hamarlanmamış, kobud yonulmuş daşlardan inşa edilmişdir. Bu baxımdan yalnız kapitellər istisna təşkil edir. Belə ki, onlar yaxşı yonulmuş və diş formalı çox arxaik naxışlara malikdirlər. Divar hörgüsü zamanı bir sıra iri daşlardan sonra bir sıra kiçik daşlar istifadə edilmiş və bu ardıcıllıq gözlənmişdir. 

Kilsənin yeganə girişi 1.06 m enə malik olmaqla qərb apsidasında yerləşir. Giriş şərq-qərb oxu üzrə 30 dərəcə cənub istiqamətində yerləşir. Həmçinin girişin timpanı da saxlanmışdır. Bu hissədən kilsə ciddi dağıntıya məruz qaldığından girişdən yuxarı hissədən heç nə qalmamışdır. Cənub və şimal divarları qismən daha yaxşı saxlanmışdır, şimal apsidasının hörgüsü hətta barabana qədər dövrümüzə çatmışdır. Yeganə saxlanılmış pəncərə şimal apsidasında yerləşir. Pəncərə və qapı çərçivələri naxışsız yonulmuş daşdan hazırlanmışdır. Kilsə divarları daxildən əhəng məhlu ilə suvanmışdır ki, bunu da saxlanmış hissələrdəki qalıqlar əsasında məyyən etmişlər.

Kilsənin ikinci yarısını günbəz təşkil edir. Günbəzin ağırlığı oxvari nal formalı tağlar və diaqonal təzyiq nişləri arasında bölünmüşdür. Günbəz tamamilə dağılmış və dövrümüzə çatmamışdır.