Füzuli
Mirəli türbəsi
Abidənin tarixi: | XIV əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli |
Abidənin inventar nömrəsi: | 215 |
Abidənin ünvanı: | Aşağı Veysəlii kəndi |
Füzuli rayonunun Aşağı Veysəlii kəndində bir təpə üzərində ucalan qülləvari türbə xalq arasında Mir Əli türbəsi adı ilə tanınır. Türbənin iç quruluşu ikiqatlı olub yeraltı sərdabə və yerüstü kameradan ibarətdir. Sərdabə qatı planda xaçvari forma olub daxili pilləkənlə üst kameraya birləşir. Sərdabənin mərkəzi kvadrat hissəsi ortasında baca olan sferik günbəzlə, çıxıntıları isə sivri tağbəndlə örtülüdür. Üst kameraya şimaldan bir qapı, cənubdan isə kiçik bir pəncərə gözu açılır. Qapı gözü yer səviyyəsindən 2 metrə yaxın yüksəklikdə yerləşir. Qapı ilə üzbəüz, pəncərə gözü altında kiçik sivri mehrab taxçası yerləşir. Həm sərdabə, həm də üst kamera bütünlüklə yonulmuş iri daş lövhələrdən hörülmüşdür. Sərdabənin hər yerində daş işləri daha keyfiyyətli icra edilmişdir.
Təpə üzərində ucalan Mirəli türbəsinin çox incə həcm kompozisiyası var. Türbənin təpə üzərində yüksələn dinamik kompozisiyası sadə həcmlərin məntiqi düzülüşünə görə çox təsirli görünür. Üzərində kitabə və ornament olmasa da, inşaat texnikası və həcm məkan quruluşuna görə onun Elxanilər dövründə - XIII əsrin sonu - XIV əsrin əvvələrində tikildiyi şübhə doğurmur.