Tərtər
Müqəddəs Yelisey məbəd kompleksi
Abidənin tarixi: | XII əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli |
Abidənin inventar nömrəsi: | 5177-2 |
Abidənin ünvanı: | Suqovuşan kəndi |
Müqəddəs Yelisey kilsəsi Suqovuşan kəndinin şimal-şərqində, dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşir. Bəzi məlumatlara görə məbəd Albaniyada ilk xristian təbliğatçısı Yeliseyin şərəfinə V əsrdə tikilmişdir.
Kompleks hər tərəfdən qala divarları ilə əhatə olunmuşdur. Qalanın qərb darvazası müdafiə nöqteyi-nəzərdən diqqəti cəlb edir. Qalanın içərisində on səkkiz müxtəlif tipli tikintilər vardır. Bunlar - baş məbəd, kiçik kilsələr, ikimərtəbəli yaşayış evi, təsərrüfat binaları və tövlələrdir.
Baş məbəd iki otaqdan ibarətdir. Birinci otaq kvadrat formalı olub, iki sütun və iki yarımsütun vasitəsilə üç nefə bölünür. Orta nef yanındakılara nisbətən xeyli hündürdür. Neflər silindrik tağbəndlə örtülmüşdür. İkinci otaq - ibadət zalı uzunsov olub, tağbəndlə örtülmüşdür.
Məbədin fasadlarına yaxşı yonulmuş daşdan üz çəkilmişdir. Birinci otağın damında zəng asmaq üçün dördsütunlu rotonda düzəldilmişdir.
Kompleksin ikinci binası - baş məbədin sağ tərəfində yerləşən nisbətən böyük olmayan kilsədir.
Baş məbədin sol və sağ tərəfində altı kiçik kilsə binası yerləşir.
Qaladan 1 km aralıda, çayın üzərində tikilmiş biraşırımlı körpü qala ilə əlaqə yaradan əsas vasitə idi.