Ağdam

Papravənd kənd məscidi

Abidənin tarixi: XVIII əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 4045
Abidənin ünvanı: Papravənd kəndi

Ağdam rayonunun Papravənd kəndində yerləşən məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır. XVIII əsrdə inşa edilən məscid minarəsiz olmuşdur. Bütövlükdə yerli əhəng daşı ilə inşa edilmiş məscid üçtağlı eyvandan və bir ibadət zalından ibarətdir. Eyvanın tağları mütənasib qamətli bir cüt daş sütunlara söykənir. Tavanı isə tağbənd şəklində tamamlanır. İbadət zalı kvadrat şəkilli olduğundan tavanı interyer tərəfdən günbəz şəklində tamamlanmış, çöl tərəfdən isə günbəz üzərinə yeni örtük materialları əlavə etməklə dam örütüyü iki yamaclı formaya salınmışdır. Bu da təbii suların yanlara axmasına əlverişli şərait yaratması üçün idi. Bütün tərəflərdən divarının qalınlığı 1,15 metr olan məscidin sütunsuz ibadət zalını oxvari şəkilli möhtəşəm günbəz tamamlayır. Ümumi ölçüləri 9,2 m x 12,54 m olan Paprəvənd məscidi XVII əsrin yadigarıdır. Təəssüf ki, məscid dövrümüzə qədər yarıuçuq vəziyyətdə gəlib çatmışdır. Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından sonra məscid tamamilə məhv edilmişdir.