Ağdam

Pənah xanın imarəti

Abidənin tarixi: XVIII əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 4026
Abidənin ünvanı: Ağdam şəhəri

Pənah xanın imarəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır.

Birinci Qarabağ xanı  Pənahəli xanın yay sarayı olmuş memarlıq abidəsi Ağdam şəhərində yerləşir. Pənahəli xanın Ağdamdakı sarayı, xan nəslinin ən birinci mülklərindən olmaqla iki binadan ibarətdir. Çox güman ki, ilkin çağında bu kompleksə daha çox bina daxil olmuşdur. 

Bu kompleks Pənahəli xanın 1738-ci ildə Xorasandan qayıdaraq Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilmişdir.

Ağdam sarayı bir-birinə perpendikulyar yerləşdirilmiş iki korpusdan ibarətdir. Əsas korpus, mərkəzi günbəzli zalın ətrafında qruplaşdırılmış otaqlardan ibarətdir. Mərkəzi zalın qarşısında cənuba istiqamətlənmiş geniş və dəbdəbəli eyvan yerləşir. Günbəzli zal divanxana xüsusiyyəti daşımış və Pənahəli xan burda qonaqlarını qəbul etmişdir.

Saray yaxınlığında yerləşən İmarət qəbiristanlığında Qarabağ xan nəslinin bir çox nümayəndələri dəfn edilmişdir. Pənahəli xanın türbəsi və Xurşidbanu Natavanın qəbirüstü abidəsi də bu qəbiristanlıqda yerləşmişdir.

Ağdam şəhəri işğaldan azad edildikdən sonra imarətin ərazisində müşahidə olunan saman və peyin qalıqları, habelə müxtəlif tullantılar işğal dövründə abidənin mədəni-tarixi təyinatına uyğun olmayan şəkildə, heyvanların saxlanıldığı yer kimi istifadə olunduğunu göstərir.