Füzuli
Qaraköpəktəpə yaşayış yeri
Abidənin tarixi: | e.ə. IV əsr-e. I əsr və orta əsrlər |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli |
Abidənin inventar nömrəsi: | 966 |
Abidənin ünvanı: | Köndələn çayın sağ sahilində |
Abidənin inventar nömrəsi: 966
Qaraköpəktəpə və ya Taxtı-Tavus Azərbaycanın Füzuli rayonu ərazisində, Köndələnçayın sağ sahilində yerləşən arxeoloji abidə-yaşayış yeridir. Bu məkan konusvari təpə formasındadır. Onun üzərindən toplanan yerüstü materiallar Eneolit dövründən başlayaraq orta əsrlərə qədər uzun bir mərhələni əhatə edir. Yaşayış yerində 1967-ci ildən başlayaraq tədqiqat aparılmışdır.
Qazıntılar zamanı İlk Tunc dövrünə aid 7 m qalınlığında mədəni təbəqənin olduğu müəyyənləşdirilmişdir. Ən qədim məmulatlar Eneolit dövrünə (e.ə.IV-II minilliklər) aid edilir (saman qatışıqlı gil qablar). Tapıntıların bir hissəsi Kür-Araz mədəniyyəti dövrünə gedib çıxır. Qaraköpəktəpənin üst qatlarında Son Tunc, Erkən Dəmir və Antik dövrlərə aid mədəniyyət nümunələri əldə edilib. Azərbaycanda Antik dövrün yaşayış yeri ilk dəfə Qaraköpəktəpədə aşkar olunub.
Orta Tunc dövrünün mədəni təbəqəsinin qalınlığı 2,5 m-ə çatır. Bu yaşayış yeri müdafiə divarı ilə əhatə olunmuşdur. Yaşayış yerinin sakinləri oturaq həyat tərzi keçirir, əkinçilik və maldarlıqla məşğul olur, ətrafın otlaq sahələrindən istifadə edirdilər. Yaşayış yerində dulusçuluq, toxuculuq və başqa sənət sahələri inkişaf etmişdi.
İlk Tunc dövrünə aid təbəqənin alt qatlarında dairəvi formalı iki bina qalığı tapılmışdır. Bu təbəqədə ocaq qurğularının qalıqları, gil qab parçaları, daş və sümük alətlər vardı. Gil qabların bir qismi yapma və spiralvari qazma ornamentlə naxışlanmışdır. Ornamentlərin bir qrupu dairəvi düyməciklər və batıqlardan ibarətdir. Belə naxışlar I Kültəpə, II Kültəpə, Göytəpə və digər abidələrdən bəllidir.
İkinci qazıntı sahəsində böyük çay daşlarından, həmçinin yonulmamış əhəngdaşı parçalarından tikilərək, gil məhlulu ilə bərkidilmiş divar qalıqları ortaya çıxarılmış və onların dördkünc formalı yaşayış binasına aid olduğu müəyyənləşdirilmişdir.
Qaraköpəktəpənin üst qatlarında, birinci qazıntı sahəsində böyük, çoxotaqlı evin qalıqları aşkar edilmişdir. Bütün otaqlar dördkünc formalı olub, bir-birindən qalın divarla ayrılmışdır.