Ağdam
Qutlu Xacə Musa oğlu türbəsi
Abidənin tarixi: | 1314-cü il |
Abidənin əhəmiyyət dərəcəsi: | Dünya əhəmiyyətli |
Abidənin inventar nömrəsi: | 5 |
Abidənin ünvanı: | Xaçındərbətli kəndi |
Ağdam rayonunun Xaçındərbətli kəndində Elxanilər dövrünün xatirə memarlığının dəyərli bir abidəsi qalmışdır. Xalq arasında Sarı Musa türbəsi adlanan bu abidənin interyerində - giriş qapısının üstündəki inşaat kitabəsində bildirilir: “ Ulu Allahın rəhminə möhtac, mərhum Qutlu Xacə Musa oğlunun bu imarəti ustad Şahbənzərin əməlidir”. Bu daş kitabəyə görə türbənin inşası 15 iyul 1314-cu ildə tamamlanmışdır. Görünür, Azərbaycanın o çağdakı Xaçın vilayətinin nüfuzlu şəxsi olmuş Qutlu Xacə Musa oğlunun məzarı üstündə ucaldılmış türbə ziyarət kimi məşhurlaşaraq kəndin adını da “Xaçın +türbə (t) + li” müəyyənləşdirmişdir. Qülləvari türbə tipinin özünəməxsus örnəklərindən olan Qutlu Xacə Musa oğlu türbəsinin bayır həcmi üçtipli alçaq kürsülük, on iki üzlü prizmatik korpus və çadırabənzər piramidalı günbəz örtüyündən ibarətdir.
Türbə Azərbaycanın qülləvari türbələri üçün səciyyəvi olan dinamik həcm kompozisiyasına malikdir. Ancaq bu abidənin istər inşaat texnikasında, istərsə də detallarının bədii-plastik həllində Aran memarlığının, özəlliklə də Qarabağ memarlığının fərqli xüsusiyyətləri əks olunmuşdur.
Qutlu Xacə Musa oğlu türbəsinin alt sərdabə və üst kameradan ibarət ikiqatlı quruluşu var. Hər iki yerləşgə planda xaçvari formadadır. Türbə bitkin üslublu memarlıq əsəri olub dövrün ideya-bədii təmayüllərini layiqincə əks etdirir.