Ağdam

Şahbulaq qəsri

Abidənin tarixi: XVIII əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 4047
Abidənin ünvanı: Şahbulaq kəndi

Qarabağ tarixçilərinin məlumatına görə Qarabağ xanlığının banisi Pənahəli xan Ağdam şəhərinin 10 kilometrliyində Şah bulağı adı ilə məşhur olan bulağın yanında bir qəsr kompleksi saldırmış, daş və əhəngdən məscidlər, evlər, bazar və hamamlar tikdirmişdir. İnşası 1751—1752-ci ildə tamamlanmış bu kompleksdən indiyə bulaq yanındakı təpə üzərində ucalan qala və məscid binası qalmışdır. Qəsr öz adını gur sulu bulağın adından almışdır. Elmi ədəbiyyatda Şahbulaq qəsri adı ilə tanınan abidə əslində iri qəsr kompleksinin iç qalası olmuşdur. Onun yanında, heç şübhəsiz, xanın iqamətgahı-imarəti olmuşdur. Yığcam quruluşlu bu qala planda düzbucaqlı biçimdədir və onun bayır divarları dairəvi və yarım silindrik bürclərlə möhkəmləndirilmişdir. 

Qalanın içərisində divarlar boyunca tikilmiş birmərtəbəli otaqların damı xarici basqınlardan müdafiə üçün əlverişli səki rolunu oynayırdı. Otaqların örtük konstruksiyası daş tağbəndlərdir. Şahbulaq tikililəri Qarabağ xanlığının, xüsusilə də onun paytaxtı olmuş Şuşa şəhərinin memarlığına öz təsirini göstərmişdir.