Laçın
Sarı Aşığın xatirə muzeyi
Abidənin tarixi: | XVII əsr |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli |
Abidənin inventar nömrəsi: | 5670 |
Abidənin ünvanı: | Güləbird kəndi |
Xatirə muzeyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli bağ-park monumental və xatirə abidəsi kimi dövlət qeydiyyatına alınmışdır.
1989-cu ildə rayonun Güləbird kəndində XVII əsrdə yaşamış bayatı ustadı Sarı Aşığın xatirə muzeyi istifadəyə verilmişdir. Bu zaman həmin xatirə-muzeyinə Sarı Aşıqla bağlı 150 əşya bağışlanılmışdı. Muzeyin təmtəraqlı açılış mərasimində Azərbaycan Yazıçılıar İttifaqının və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Muzeyin ətrafında abadlıq işləri aparılmış və Sarı Aşığın xatirəsinə həsr edilmiş abidəsi ucaldımışdı.
Həm şifahi xalq ədəbiyyatı, həm də yazılı ədəbiyyatda mahir bayatı ustası kimi tanınan Sarı Aşığın həyat yolu hələ saglığında ikən əfsanə və rəvayətlərə çevrilmiş, onun adı və sənəti əsrlərin sınağından keçərək bu günümüzə qədər gəlib çatmışdır. Arxeoloqlar 1927-ci ildə Sarı Aşığın məzarının yerləşdiyi Güləbird qəbristanlığında və türbədə araşdırmalar aparmış, belə qənaətə gəlmişlər ki, türbə XVII əsrə aiddir.
Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunun işğal edilməsi nəticəsində muzeyin binası və 200-ə yaxın eksponatı məhv edilmiş və talan olunmuşdur.