Zəngilan

Səkkizguşəli Xacə Yəhya turbəsi

Abidənin tarixi: 1304—1305-ci illər
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli
Abidənin inventar nömrəsi: 391
Abidənin ünvanı: Məmmədbəyli kəndi

Zəngilan rayonunun Məmmədbəyi kəndindəki Səkkizguşəli türbə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır. 

Qüllə tipli olan ikiqatlı türbənin yer altında olan sərdabə hissəsi planda kvadrata yaxın (2,95 x 3,30 m), üst kamerası isə səkkizbucaqlıdır. Sərdabə 1,90 metr hündürlükdə tağtavanla örtülmüşdür. Onun giriş qapısı qərb tərəfdəndir. Sərdabənin divar hörgüsü və döşəməsi yaxşı yonulub cilalanmış daşdandır.

Türbənin giriş portalı üstündə nəsx xətti ilə yazılmış bir kitabə vardır. Kitabənin məzmunu belədir: “Mən bu tikintinin sahibi (türbədə basdırılan şəxs) ulu Allahın yardımına möhtac olan aciz qul Yəhya ibn Məhəmməd əl-Xacəyəm. 704-cu ilin ramazan ayında (23.III—27.IV.1305-ci il miladi) Əli Məcdəddinin əli ilə tikilmişdir” . Yazının başlanğıcında və haşiyəsində quran yazıları verilmişdir. Araşdırıcıların fikrincə Xacə Yəhya Məhəmməd oğlu dövrünün böyük alimlərindən olub Elxanilər zamanı Marağa rəsədxanasında calışırmış. Onun atası Xacə Məhəmməd isə dövlət qulluğunda vəzifə sahibi imiş. Məmmədbəyli kəndinin adı da görünür Xacə Məhəmməd adından yaranmışdır.

Kənd kənarında təpə üzərində ucalan Xacə Yəhya türbəsinin səkkizüzlü prizmatik korpusu içəridə sferokonik, bayırda isə piramidal günbəzlə örtulüdür. Onun ağ daşdan tikilmiş kütləsində tünd rəngli daşdan işlənmiş karnizi kəskin secilir. Korpusun şimal-qərb üzundə olan düzbucağlı qapı gözü yer səthindən xeyli hündürdədir (1,8 metr). Qapı gözü də tund rəngli çərcivə icərisinə alınmış, ağ daş üzlüklü baştağın yanları və üstü sadə quruluşlu stalaktit sırası ilə haşiyələnmişdir. Üst kamera divarının qalınlığı 90 sm-ə yaxın olub daxildən və xaricdən yaxşı yonulub cilalanmış daş lövhələrlə üzlənmişdir. Korpusun bayır uzləri batıq olub çiyinli düzbucaq tağca şəklindədir. Türbənin sadə həll edilmiş üzləri arasında baştağ olan üz nisbətən plastik işlənməsi ilə seçilir. Memar Əli Məcdəddin oğlu qülləvari türbə tipinin özunəməxsus örnəklərindən birini yarada bilmişdir.

İşğal dövründə dağıntıya mərzul qalmışdır. İbadət evinin xarici və daxili divarlarında güllə izlərini açıq-aydın görmək mümkündür və məzar hissəsi qazılmışdır.

Türbənin içərisində mehrabının olması onu digər türbələrdən bir qədər fərqləndirir. Türbələrin içərisində mehrab yerləşdirilməsi ancaq Qarabağ türbələrində rast gəlinir.