Füzuli

Şeyx İbrahim türbəsi (İbə piri)

Abidənin tarixi: XIX əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 4226
Abidənin ünvanı: Yuxarı Seyidəhmədli kəndi

Memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlı yazır ki, Füzuli ərazisindəki maraqlı abidələrdən biri də Aşağı Aybasanlı kəndinə məxsus qədim məzarlıqda ucaldılan Şeyx İbrahim türbəsidir. Ümumi hündürlüyü 6 metrə çatan Şeyx İbrahim türbəsi təbii əhəng daşı ilə səkkizbucaqlı şəkildə inşa edilmişdir. Türbənin gövdəsi daşdan tikilsə də, onun günbəzi bişmiş kərpiclə hörülmüşdür.

Ötən əsrin 90-cı illərində təbii və süni dağıntılara məruz qalan günbəzin mərkəzi uçub tökülmüşdür. Sonralar yerli sakinlərin köməyi ilə türbənin yarıuçuq günbəzinə toxunulmadan onun üst hissəsi yenidən dəmir-beton günbəzlə örtülmüşdür (interyerindən onun tavanına baxanda bu vəziyyət aydın görünür). Ancaq bu örtük də təbii suları saxlamadığından, onu da çöl tərəfdən paslanmayan ağ rəngli əlvan metal təbəqə ilə üzləmişlər. Metal təbəqə təbii suları türbənin mərkəzinə ötürməsə də abidəni tamamilə müasirləşdirərək onun memarlığına və əvvəlki görümünə xələl gətirirdi.

El arasında "İbə İbrahim" kimi məşhurlaşan Şeyx İbrahim türbəsinin yalnız künclərində və giriş qapısı yanlarında işlədilmiş daşlar yaxşı cilalanmış, gövdənin digər yerlərində işlədilən daşlar isə öz təbii formasında divara düzülmüşdür. Hündürlüyü 150 sm, eni isə 73 sm olan giriş qapı açırımını yuxarıdan yeganə daş bağlayır. Həmin daşın aşağı hissəsinin düz olmasına baxmayaraq, onun üst hissəsi yarımdairə şəklində yonulmuşdur. Əlbəttə, qapı boşluğu üzərində belə formalı daşların istifadəsi onun daha da möhkəm olmasına xidmət edir. Qapının soldan yuxarı küncündə qoyulmuş digər sal daş üzərində ağac altında ayaq üstdə durmuş qadın və yanında da at şəkli işlənmişdir. Həmin səviyyədən qapının sağ tərəfindəki sal daş üzərində isə yarıpozulmuş vəziyyətdə, əski əlifba ilə iki sətirdən ibarət kitabə vardır. Kitabə "Allahın Rəsulu Məhəmmədə salam. 1042... Əvəzəli bin Əlimərdan..." sözləri yazılmışdır. Çoz güman ki, Əvəzəli türbəni tikən ustanın adıdır. Hicri tarixi ilə 1042 rəqəmi isə türbənin tikildiyi tarixi göstərir. Həmin tarixi miladi ilinə çevirdikdə 1632-33-cü illərə uyğun gəlir.