Füzuli

Türbə

Abidənin tarixi: XVIII əsr
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli
Abidənin inventar nömrəsi: 4213
Abidənin ünvanı: Qarğabazar kəndi

Füzuli rayonunun Qarğabazar kəndində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsi olan türbə təməldə səkkizguşəli plana malikdir. Türbənin inşası zamanı bişmiş qırmızı kərpiclərdən istifadə edilmişdir. Qarğabazar türbəsinin əsas kompozisiya üstünlüyü qeyri-adi böyüklüyə malik olan giriş qapısıdır.

Arazboyu ərazinin digər səkkizguşəli türbələrindən fərqli olaraq Qarğabazar türbəsinin inşasında kərpic əsas inşaat materialı olaraq seçilmişdir. Daha əvvəlki dövrlərdə də kərpic əsas inşaat materialı kimi istifadə edilsə də, bu, heç vaxt türbə inşasına xas edilmirdi. Bu baxımdan Füzuli rayonunun Babı kəndi ərazisindəki Şeyx Babı türbəsi və onun ətrafındakı dini kompleks xarakterik xüsusiyyət daşıyır. Belə ki, kompleks ərazisinə daxil olan bütün tikililər (məscid, minarə və sair) kərpicdən inşa edilsə də, Şeyx Babı türbəsi daşdan tikilmişdir. 

Qarğabazar türbəsinin əsas kompozisiya üstünlüyü qeyri-adi böyüklüyə malik olan giriş qapısıdır. Bu cür böyük giriş XVI-XIX əsrdə nəinki abidənin yerləşdiyi Qarabağ və Arazboyu ərazi, o cümlədən, ümumilikdə Şimali Azərbaycan ərazisi üçün xarakterik deyildir. Şirvan və Arran memarları XIX əsrə kimi türbə inşası zamanı əvvəlki ustadların kompozisiya yanaşmalarını saxlamış, türbələr üçün kiçik giriş qapısı inşa etməklə ümumilikdə tikiliyə monumental xarakter verə bilmişlər.