Cəbrayıl
Xudafərin körpüləri
Abidənin tarixi: | XI-XIII əsrlər |
Abidənin əhəmiyyət dərəcəsi: | Dünya əhəmiyyətli |
Abidənin inventar nömrəsi: | 12/13 |
Abidənin ünvanı: | Xudafərin qəsəbəsi |
11 tağlı Xudafərin körpüsü (inventar №12, XI-XII əsrlər) və 15 tağlı Xudafərin körpüsü (inventar №13, XIII əsr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısına salınmışdır.
Tikilmə tarixinə görə dövrünün ən əzəmətli mühəndis qurğularından olan Xudafərin körpüləri Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında yerləşən möhtəşəm tarixi abidədir. Makedoniyalı İsgəndər, Elxani hökmdarı Hülakü xan və Şah İsmayılın rəhbərliyi ilə Qızılbaşlar öz yürüşləri zamanı bu körpülərdən istifadə etmişdir.
Böyük ipək Yolu üzərində olduğundan Xudafərin körpüləri yüzillər boyu yalnız ölkədaxili və ölkələrarası əlaqələrdə deyil, qitələrarası münasibətlərin, həmçinin ticarət yolu kimi də əhəmiyyətli rol oynamışdır. Müxtəlif çağlarda ayrı-ayrı xalqların və qüvvələrin miqrasiyasını istiqamətləndirən Xudafərin körpüləri Yaxın və Orta Şərq regionunun həm ən əzəmətli, həm də ən məşhur körpülərindən sayılır.
Araz çayı üzərində tikilmiş 15 aşırımlı körpü antik dövrdə inşa edilmiş körpünün dayaqları üstündə qurulmuşdur. Coğrafi mövqeyinin əlverişli olması, yəni sahillərin daha yaxın olaraq sal qayalarla əhatələnməsi burada körpünün tikilməsinə şərait yaratmışdır.
15 aşırımlı körpünün tağları bişmiş kərpicdən yığılsa da, doldurucu kimi çay daşından istifadə edilmişdir. Dayaqlar sərt qayanın üstündə qoyulduğundan aşırımların ölçülərində fərq vardır. 15 aşırımlı körpüdən 750 metrə qədər məsafədə yerləşən, Elxanilər dövründə (XIII əsrdə) tikilmiş 11 aşırımlı körpü daha əzəmətli görünür. Körpü tikinti materialı kimi yonulmuş sal qaya daşından inşa edilmişdir. Burada da dayaqlar çayın içərisindəki qayaların üstündə tikilmişdir.